Xəbərlər

17.01.06''Quş qripi'' təhlükəsi barədə yayılan..
''Quş qripi'' təhlükəsi barədə yayılan xəbərlər quş əti və yumurta istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətini iflic vəziyyətə salıb
16.01.2006. CƏLİLABAD. '' ''Quş qripi'' xəstəliyi ilə bağlı yayılan xəbərlər müəssisəmizin fəaliyyətinə ciddi təsir göstərib''. Bu sözləri APA-nın cənub bürosuna ''Cəlilabad broyler'' Açıq Tipli Səhmdar Cəmiyyətinin icraçı direktoru Bedad Duyşad deyib. Onun sözlərinə görə, son bir neçə gündə müəssisədə istehsal olunan məhsullara tələbat minimum həddə çatıb: ''Bu isə yenicə fəaliyyətini bərpa edən böyük bir təsərrüfatın iflic vəziyyətə düşməsi ilə nəticələnə bilər''.

İcraçı direktorun sözlərinə görə, hazırda fabrikdə qapalı şəraitdə 60 min toyuq bəslənilir. Toyuqların tam sağlam olduğu barədə baytarlıq laboratoriyası tərəfindən sertifikat da verilib: ''100 nəfərin çalışdığı müəssisədə 10 sex dünya standartlarına uyğun təmir edilərək xaricdən gətirilən müasir avadanlıqlarla təchiz olunub. Yaxın vaxtlarda daha bir neçə sexin bərpası və əlavə işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulub. ''Quş qripi'' ilə əlaqədar dolaşan şayiələr kollektivi sarsıdıb. Belə davam edərsə, bütün qazandıqlarımızı itirə bilərik''.

Abşeronda fəaliyyət göstərən broyler müəssisələrindən APA-ya bildirilib ki, orada hələlik quşlar arasında kütləvi qırğın halı qeydə alınmayıb. Gün ərzində bir neçə quş tələf olur ki, bu da normaya uyğundur. Quşlar daim həkim nəzarəti altındadır, hər hansı xəstəliyin yayılmaması üçün müntəzəm profilaktik tədbirlər görülür. ''Quş qripi'' təhlükəsi barədə yayılan məlumatların istehsala təsirinə gəlincə, bu müəssisələrdən də bildirilib ki, belə xəbərlərin yayılması tələbatın, bu isə öz növbəsində istehsalın azalmasına səbəb olub. /APA/

 
17.01.06Azərbaycan Bank Tədris Mərkəzi bu il...
Azərbaycan Bank Tədris Mərkəzi bu il 35 təşkilatın 1300 əməkdaşı üçün treninq keçirəcək
16.01.2006.BAKI. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ötən il ərzində maliyyə sektorunda çalışan təqribən 2300 mütəxəssis üçün 210 kurs üzrə treninq keçirib. Mərkəzdən APA-ya verilən məlumata görə, bu il isə müqavilə əsasında 35 təşkilatın 1300 nəfər əməkdaşı treninqə cəlb olunacaq. ABTM-lə müqavilə bağlayan təşkilatların siyahısına bu il artıq bir neçə sığorta və lizinq şirkətləri də daxil olub.
Əsasən kiçik və orta biznesin təmsilçiləri üçün nəzərdə tutulan bu tədris kursları yanvarın 23-də başlayacaq. /APA/

 
17.01.06SECO Azərbaycanın maliyyə sektoru və...
SECO Azərbaycanın maliyyə sektoru və qiymətli kağızlar bazarının inkişafına dair layihələr hazırlayır
16.01.2006. BAKI. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın maliyyə sektoru və qiymətli kağızlar bazarının inkişafına dair layihələr hazırlayır. Bu barədə APA-ya SECO-nun region üzrə direktor müavini Tomas Meyer məlumat verib. Göstərilən layihələrin icrasında SECO-nun tərəf müqabili qismində Azərbaycan Milli Bankı çıxış edəcək.

T.Meyer eyni zamanda ''Lizinq avadanlıqları layihəsi'' üzrə SECO-nun Azərbaycan banklarına texniki köməklik göstərəcəyini də bildirib: ''Layihə yenicə başlayıb. İlk olaraq ''UniBank'' və ''Azəriqazbank''la müqavilə imzalanıb. Yaxın zamanlarda isə ''Bank of Baku'' ilə də analoji müqavilənin imzalanacağı gözlənilir''.

Qeyd edək ki, ''Lizinq avadanlıqları layihəsi''nə Beynəlxalq Maliyyə Korporasiyası 30 mln. dollar, SECO isə 3 mln. dollar məbləğində kredit ayırıb. /APA/

 
17.01.06''AtaSıgorta'' şirkəti ilin sonunadək
''AtaSıgorta'' şirkəti ilin sonunadək nizamnamə kapitalını 2 dəfə artıracaq
16.01.2006. BAKI. Cari ilin sonunadək ''AtaSıgorta'' şirkəti nazimnamə kapitalını iki dəfə artıraraq 2 mln. dollara çatdırmaq niyyətindədir. Bu barədə APA-ya şirkətin baş ofisindən məlumat veriblər. Belə ki, artıq bu ilin ikinci yarısında ''AtaSıgorta'' 1 mln. dollar həcmində əlavə səhm emissiyasının yerləşdirilməsini planlaşdırır. Emissiyanın şirkətin səhmdarları arasında onların hazırkı iştirak paylarına müvafiq şəkildə bölüşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2004-cü ilin sentyabrında sığorta fəaliyyətinin aparılmasına lisenziya alan ''AtaSıgorta'' şirkəti ''AtaHolding'' (70%) və ''AtaBank'' (30%) tərəfindən təsis olunub. /APA/

 
17.01.065 mln. dollarlıq kredit alacaq...
''Azərbaycan Beynəlxalq Bankı-Moskva'' Avstriya banklarından 5 mln. dollarlıq kredit alacaq
16.01.2006. BAKI. ''Raiffeisen Zentralbank Österreich Aktiengesellschaft'' və ''Raiffeisenbank Austria'' bankları ''Azərbaycan Beynəlxalq Bankı-Moskva'' bankına 5 mln. dollar həcmində kredit xəttinin açılmasına dair qərar qəbul ediblər. ''ABB-Moskva'' baş ofisindən APA-ya verilən məlumata görə, tərəflar arasında imzalanmış müvafiq kredit sazişinə əsasən, kredit vəsaitləri 6 ay müddətinə və müxtəlif sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Cari ilin ortalarında tərəflərin razılığı ilə bu sazişin müddəti daha 6 aylıq uzadıla bilər.

Qeyd edək ki, 2002-ci ilin yanvarında ABB-nın törəmə qurumu kimi və 100%-lik Azərbaycan kapitalının iştirakı ilə yaradılan ''ABB-Moskva'' hazırda Rusiya ərazisində fəaliyyət göstərən yeganə Azərbaycan bank təşkilatıdır. /APA/

 
17.01.06''Azerphone'' şirkəti yaxın...
''Azerphone'' şirkəti yaxın 2 ildə ölkə ərazisinin 85%-ni əhatə edəcək
16.01.2006. BAKI. Azərbaycanda yeni GSM operatoru kimi xidmətlərin göstərilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə müqavilə imzalayan ''Azerphone'' Birgə Müəssisəsi (BM) 2006-cı ilin sentyabr ayınadək Bakı (bütövlükdə Abşeron üzrə), Gəncə, Mingəçevir, Əli Bayramlı, Quba şəhərlərində öz şəbəkəsini qurmaq niyyətindədir. Bu barədə APA-ya məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, ''Azerhpohe'' BM bu ilin sonunda daha 10 rayon mərkəzi üzrə, o cümlədən Bakı-Quba və Bakı-Gəncə magistral yolu boyunca əhatə dairəsini genişləndirmək fikrindədir. Yaxın 2 il ərzində isə ''Azerphone''un şəbəkəsi ölkə ərazisinin 85%-ni əhatə etməlidir.

Nazir müavininin sözlərinə görə, ''Telekommunikasiya haqqında'' qanuna uyğun olaraq, 2 ay ərzində CDMA operatoru kimi fəaliyyət göstərmək üçün yeni lisenziya alan ''Catel'' Azərbaycan- Amerika BM, ''Azerphone'' və digər operatorlar öz aralarında arabağlantı müqavilələri bağlamalıdırlar. İ.Məmmədov əlavə edib ki, müqavilələrdə yeni operatorların yatıracaqları sərmayələrin həcmi öhdəlik kimi əks olunmayıb. Nazirliyi bu məsələdə maraqlandıran əsas məsələ şirkətlərin əhatə dairəsini genişləndirmələridir. Yeni operatorlara verilən lisenziyalara gəldikdə, İ.Məmmədov konkret məbləğ açıqlamasa da, ''Azerphone'' və ''Catelə'' verilən lisenziyaların ''Azərcell'' və ''Bakcell'' şirkətlərinə verilən lisenziyaların məbləğindən fərqləndiyini bildirib.

Qeyd edək ki, ''Azerphone'' BM Aztelekom BM (10%), Almaniyanın ''Siemens'' (30%) və iki Britaniya şirkətinin (hər biri 30%) iştirakı ilə təsis edilib. ''Catel'' şirkəti isə CDMA operatoru kimi fəaliyyət göstərəcək. /APA/

 
17.01.06Metropolitendə gediş haqlarının çip-kart
Metropolitendə gediş haqlarının çip-kartlarla ödənilməsi Novruz bayramından sonra mümkün olacaq
16.01.2006. BAKI. Bakı Metropolitenində gediş haqlarının qeyri-nağd üsulla ödənilməsi məqsədilə istifadəyə veriləcək ilk 500 min çip-kart Novruz bayramınadək ölkəyə gətiriləcək. Bayramdan sonra çip-kartların artıq sərnişinlərə satılmasına başlanacaq. Bu barədə APA-ya Bakı Metropoliteni texniki şöbənin rəisi Fuad Tağızadə məlumat verib. Onun sözlərinə görə, kartların metro işçilərinə paylanılması faydalı olmadığı üçün ilkin mərhələdə onların sərnişinlərə satılması qərara alınıb. Ehtiyat kart fondunun yaradılmasını vacib sayan F.Tağızadə deyib ki, sonrakı mərhələdə daha 500 min kartın gətirilməsi nəzərdə tutulub.

Çip-kartların istifadə müddəti sərnişinlərin imkanından asılı olacaq. Belə ki, sərnişinlər maliyyə imkanlarından asılı olaraq, kartları bir neçə gediş üçün metronun stansiyalarında doldura biləcəklər. İlkin olaraq kartların jetonlarla paralel istifadə olunması planlaşdırılır.

Bununla yanaşı, çip-kartların həm də bank əməliyyatlarının həyata keçirilməsi üçün istifadəsi mümkün olacaq. Lakin bunun üçün müəyyən şəbəkənin qurulması tələb olunur ki, bu da hələ mövcud deyil. Ümumilikdə kart sisteminə keçidin 1-2 ilə başa çatağı gözlənilir. Çip-kart sisteminə keçidi təmin etmək məqsədilə indiyədək stansiyalarda Ukraynanın ''Lot'' şirkətinin istehsalı olan 64 turniket quraşdırılıb. Bu il ərzində metropoliten həmin şirkətdən daha 132 turniket alacaq. F.Tağızadə deyib ki, ''Lot'' firması ilə bağlanan müqavilənin ümumi dəyəri 2 mln. dollara yaxındır. Bu müqavilədə həm turniketlərin alınması, quraşdırılması, proqram təchizatı və s. nəzərdə tutulub. Bir turniketin alınması isə Bakı Metropoliteninə təxminən 5-6 min dollara başa gəlir. /APA/

 
17.01.06Avtomatlaşdırılmış Vergilər İnformasiya
Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi üzrə test-sınaq işləri yanvarın sonunadək başa çatacaq
16.01.2006. BAKI. Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi (AVİS) üzrə test-sınaq işlərini yanvarın sonunadək başa çatdıracaq. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentinin rəisi Elçin Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda şəbəkənin qurulması və yoxlanılması işləri aparılır. Bunun ardınca, AVİS sistemi işə düşəndən sonra vergi teriminallarının quraşdırılmasına başlanacaq. E.Məmmədov ilkin mərhələdə vergi terminallarının Bakı, Sumqayıt, Gəncə və digər bir neçə iri şəhərdə quraşdırılacağını bildirib. Hazırda sistemin nazirlikdə bazasının yaradılması istiqamətində işlər görülür.

Qeyd edək ki, regionlarda vergi terminallarının quraşdırılması vergi ödəyicilərinin bəyannamələri maneəsiz şəkildə təqdim etmələrinə, həmçinin elektron bəyannamələrin tətbiqinə şərait yaradacaq. /APA/

 

 

 



Designed by ITServ